Aprel ayında vəfat edən Papa Fransiskin yerinə keçəcək şəxsin seçilməsi üçün konklav prosesi 7 may tarixində başlayacaq.
Qaynarinfo xəbər verir ki, əsrlərboyu davam edən ənənələrlə zəngin olan bu prosesin sonunda səsvermədə 2/3 çoxluq qazanan namizəd yeni Papa elan ediləcək. Lakin bu mərasim Papa seçimi ilə bitmir. Yeni Papanın özü üçün bir ad seçməsi də prosesin vacib bir hissəsidir.
Bəs bu ad nə olacaq? Və görəsən, 10-cu əsrdən bu yana ilk dəfə görünməmiş bir hadisənin şahidi ola bilərikmi?
Papa Fransiskin 21 aprel tarixində vəfat etməsindən sonra Katolik dünyasında əsrlərdir davam edən rituallar başlayıb. Bu mərhələnin əsas hissəsini isə Papa seçimi - "konklav" təşkil edir. Vatikanın verdiyi məlumata əsasən, konklav 7 mayda başlanacaq və Sistina şapelində gündə dörd dəfə keçiriləcək səsvermələrlə davam edəcək. Kardinallar bu müddətdə Vatikanda qalacaq və heç bir xarici əlaqəyə icazə verilməyəcək.
Hazırda 80 yaşınadək olan 136 kardinal səsvermədə iştirak edə biləcək. Namizədlər arasında italiyalı Pietro Parolin, macar Peter Erdo, amerikalı Raymond Leo Börk, italiyalı Matteo Maria Zuppi, filippinli Luis Antonio Gokim Tagle, italiyalı Pierbattista Pizzaballa, qanalı Peter Turkson və maltalı Mario Qrex kimi adlar önə çıxır.
Papa seçilən namizədə əvvəlcə "Ali Papa olaraq seçilmənizi qəbul edirsinizmi?" sualı verilir. Qəbul etdikdən sonra isə "Hansı adla anılmaq istəyirsiniz?" sualı yönəldilir. Bu ad seçimi orta əsrlərdən bəri davam edən bir ənənənin parçasıdır. Katolik doktrinasında adın dəyişdirilməsi zəruri olmasa da, bu rituallar əsrlərdir davam edir.
Tarixdə adını dəyişən ilk Papa 533-535-ci illərdə papalıq edən və əsl adı Merkuri olan II İoann olub. Paqan tanrısı Merkuri ilə əlaqələndirildiyi üçün bu adı istifadə etmək istəməyib. Ad dəyişmə adəti isə 10-cu əsrdə II Pyotr olmaq istəməyən və özünü XIV İoann adlandıran Peter Kanepanova ilə davam edib.
Bu ənənə daha sonra da oturuşaraq, Fransadan və Almaniyadan seçilən papaların adlarını dəyişdirib italyan sələflərinə bənzətməsi ilə yayılıb. XVI əsrdən bu yana yalnız bir neçə istisna olmaqla, vəftiz adı ilə papa taxtına çıxan olmayıb.
Papalar adlarını seçərkən tarixi simvolları da nəzərə alırlar. Məsələn, Papa Fransisk Assisili Fransiskin sülh, təbiət və yoxsullara bağlılıqla tanındığı üçün bu adı seçmişdi. Sələfi XVI Benedikt isə adını həm Benedikt monastırlarının qurucusu, həm də I Dünya müharibəsində papa olan XV Benediktə hörmət olaraq götürmüşdü.
Bəzi adların isə alınması ehtimal edilmir. Bunlara Urbanus (Qaliley Qalileyin mühakiməsini başladan VIII Urbanus) və Pius (II Dünya müharibəsindəki rolu mübahisəli olan XII Pius) daxildir. Qətiyyən alınmayacaq ad isə Petrusdur. Bu həm ilk Papa olan Müqəddəs Pyotra duyulan ehtiram, həm də Romalı Pyotrun son Papa olacağına dair yüzillik bir kahinliklə əlaqələndirilir.
Yeni Papanın hansı adı seçəcəyi ilə bağlı ehtimallardan biri XIII Leodur - sosial ədalət və işçi hüquqları ilə tanınan bu ad, reformlara sadiqliyin simvolu kimi görülür. Başqa bir ehtimal isə korrupsiyaya qarşı mübarizə aparan XIII İnnosensiusa istinadla İnnosensius adının seçilməsi ola bilər.
Əgər yeni papa Afrikadan olarsa, tarixi Afrika mənşəli papalardan olan Gelasius, Miltiades və ya Viktor adları da ilham mənbəyi ola bilər. Tarixdə bir dəfə istifadə olunmuş adlardan birinin seçilməsi isə 1100 ildən sonra ilk dəfə baş verə bilər. Belə ki, sonuncu belə hadisə 913-914-cü illərdə Papalıq etmiş Landus zamanında qeydə alınıb.
Yeni papanın adı Sistina şapelinin bacasından ağ tüstü çıxandan və Müqəddəs Pyotr Bazilikasının zəngləri çalındıqdan sonra, Latınca Habemus Papam - "Bir Papamız var" ifadəsi ilə dünyaya elan ediləcək. Məsələn, Papa Fransiskin adları Xorxe Mario olaraq Giorgio Marium şəklində çevrilmiş, soyadı isə dəyişməz olaraq Bergoglio kimi saxlanmışdı və elanın sonunda Franciscum kimi elan edilmişdi.
Aydın
Şərhlər