Xəbər lenti

Kreml kartlarını açdı - Moskva Ukrayna savaşının bitməsində maraqlı deyil (ŞƏRH)
Dünya 21:51 07.05.2025

Kreml kartlarını açdı - Moskva Ukrayna savaşının bitməsində maraqlı deyil (ŞƏRH)

Rusiya Ukraynada atəşkəsdə maraqlı olmadığını dolayı formada olsa da, rəsmi şəkildə etiraf edib. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya və Vyetnam: 75 illik dostluq, etimad və qarşılıqlı yardım” adlı məqaləsində bəyan edib ki, Ukrayna böhranının uzunmüddətli həllinə yalnız atəşkəs və ya təmas xəttində hərbi əməliyyatların dayandırılması ilə nail olmaq mümkün deyil.
 
"Vyetnamlı dostlarıma Ukrayna nizamlanması məsələsində balanslaşdırılmış mövqeyə görə təşəkkür etmək istərdim. Bu problemin uzunmüddətli həllinə yalnız atəşkəs və ya təmas xəttində hərbi əməliyyatların dayandırılması ilə nail olmaq mümkün deyil. Davamlı sülh üçün münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır”, deyə o bildrib. 

Lavrovun bu açıqlaması birmənalı şəkildə onun təsdiqidir ki, Kreml Ukrayna müharibəsində atəşkəsin əldə edilərək, sülh istiqamətində danışıqların aparılmasına qarşıdır. Rusiya bununla göstərir ki, müharibənin davam etdirilməsində maraqlıdır.
 
Bu isə ilk növbədə ABŞ Prezidenti Donald Trampın sülh istiqamətində atdığı addımların reallaşmayacağına işarədir. Tramp vəzifəyə başlayandan bəri atəşkəsin əldə olunması üçün çox çalışdı. Lakin prosesin gedişi Trampın yürütdüyü siyasətlə buna nail olmağın mümkün olmadığını göstərdi. Rusiya ilk əvvəl atəşkəslə bağlı konkret fikir bildirməsə də, danışıqlarda maraqlı olduğu görüntüsünü yaratdı. Hətta bir neçə dəfə ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında görüşü də baş tutdu. Trampın xüsusi nümayəndələri bir neçə dəfə Kremldə Putinlə də görüşdü. Ancaq ABŞ Prezidentinin atəşkəs çağırışları nəticə vermədi.
 
Onun nəticəsidir ki, Tramp və komandası artıq danışıqlarda vasitəçi olmaqdan geri çəkiləcəklərinin anonsunu da verib. Bunu əslində tərəflərə təzyiq vasitəsi kimi də qəbul etmək olar. Görünür, Lavrov yuxarıdakı açıqlamanı verərkən məhz bu amili də nəzərə alıb. Həmin təzyiqi neytrallaşdırmaq üçün də Lavrov Ukrayna böhranının uzunmüddətli həllinə yalnız atəşkəs və ya təmas xəttində hərbi əməliyyatların dayandırılması ilə nail olmağın mümkün olmadığı versiyasını ortaya atıb. Yəni Rusiya başa düşüb ki, mövcud situasiyada Tramp artıq Ukrayna məsələsində vasitəçilik missiyasını üzərinə götürməkdən vaz keçməkdə maraqlıdır. Bu fürsətdən də istifadə edərək, Lavrovun timsalında Kreml atəşkəslə böhranın həllinə nail olmağın mümkünsüzlüyü versiyasını ortaya atır. Mövcud durumda isə hərbi əməliyyatlar deməli daha da intensivləşəcək. Ola bilsin, yaranmış vəziyyətdə Tramp adminstrasiyası da Kiyevə dəstəyi artırsın, Rusiyaya isə yeni sanksiyalar tətbiq etsin. Onun son dövrlər səsləndirdiyi fikirlər də belə düşünməyə əsas verir. Belə vəziyyətdə Rusiya da fürsətdən istifadə edərək, istəmədiyi atəşkəsdən yayınmaq üçün Lavrovun timsalında sözügedən açıqlamanı verib. Deməli, Ukraynada əksəriyyətimizin gözlədiyi atəşkəsin əldə edilməsi məsələsi baş tutana oxşamır. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->