Mingəçevir Balıqartırma və Balıqyetişdirmə Elmi-İstehsalat Kompleksi – "Az Varvara” MMC barəsində inzibati qərar qəbul olunub.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1 və 430.4-cü maddələri üzrə inzibati məsuliyyətə cəlb edilib.
Hər iki inzibati iş üzrə məhkəmədə ayrı-ayrılıqda baxış keçirilib.
İlk araşdırma zamanı məlum olub ki, "Az Varvara” MMC 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2024-cü ildə nə mətbuatda, nə də internet saytında dərc etdirməyib. Bu səbəbdən şirkətin qanuni təmsilçisi Hicran Vidadi qızı Məmmədova barəsində Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən inzibati protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə Hicran Məmmədova İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi üzrə 1500 manat məbləğində cərimə olunub.
Mərkəzi Bankın apardığı digər araşdırma zamanı isə müəyyən edilib ki, "Az Varvara” MMC tərəfindən xaricə 29 535,90 ABŞ dolları məbləğində vəsait köçürülüb, lakin bu vəsait geri qaytarılmayıb. Bu fakta görə Hicran Məmmədova İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 5907,18 ABŞ dolları (köçürülən vəsaitin 20%-i) məbləğində cərimələnib.
Hazırda "Az Varvara” MMC-nin Dövlət Vergi Xidmətinə 56 857,91 manat vergi borcu mövcuddur.
Qeyd edək ki, "Az Varvara” MMC-nin faktiki sahibi İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangahdır. Onun Azərbaycanda bir neçə balıq artırma zavodu və müxtəlif şirkətləri mövcuddur. Əhədpurun adı uzun müddətdir ki, mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus "Gilan” Holdinqlə birgə hallanır.
Əhməd
Şərhlər