Bakıda parkda skamyada yan-yana əyləşərək yuxuya gedən nişanlı cütlüyün bel çantası oğurlanıb. Hadisəni törədən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsində yerləşən parkda baş verib.
A.B. və A.S. adlı cütlük səhər saat 05:30 radələrində ortaq tanışları ilə birgə Quba rayonuna gəzintiyə getməyi planlaşdırıb. Gözləmə zamanı parkda vaxt keçirməyə qərar verən cütlük boş skamyaların birində əyləşib və bir müddət sonra yuxuya gedib.
Yuxudan ayılandan sonra çantanın oğurlandığını görüblər. Qara rəngli, 25 manat dəyərində olan bel çantasının içərisində şəxsiyyət vəsiqələri, bank kartları, 12 manatlıq pul kisəsi, 15 manat dəyərində kosmetik əşyalar, 150 manatlıq 128 GB yaddaşa malik mobil telefon, hər biri 2 manat olan 5 ədəd ev açarı və 35 manat nağd pul olub.
Hadisəni törədən 2002-ci il təvəllüdlü Cavid Alişanov (şərti ad) oğurladığı bank kartları ilə müxtəlif marketlərdə alış-veriş edərək onlara ümumilikdə 724 manat 13 qəpik məbləğində maddi ziyan vurub.
Məhkəmənin qərarı ilə Cavid Alişanov Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il 7 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Aydın
Şərhlər