"Ehtimal ki, Rusiya bu muzdluları Ukrayna müharibəsində istifadə etmək üçün iş birliyinə cəlb etmək istəyib".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Qırğızıstanın Oş şəhərindəki "Rus evi"nin əməkdaşı Natalya Sekerinanın muzdluları cəlb etməsinə gözə saxlanılması hadisəsini şərh edərkən deyib.
Azər Qasımov bildirib ki, Rusiya kəşfiyyat orqanlarının tək yaxın ətraf ölkələrdə yox, dünyanın əhəmiyyətli dövlətlərində agentura şəbəkəsi formalaşdırdığı gerçəkliyi yeni hal deyil:
"Rusiya ilk növbədə postsovet məkanında güclü agentura şəbəkəsinə malikdir. Bu fəaliyyətin "Rus evi" kimi dərnəklərlə həyata keçirməsi çoxdan sübut olunub. Azərbaycanda da eyni dərnəyin kəşfiyyat fəaliyyətlərində bulunduğu xəbərləri yayılmışdı. Nəticədə bu evin bağlanmasına qərar verildi. Bu dərnəyin Suriyada da eyni fəaliyyəti üzə çıxmışdı. Bir sözlə, Rusiya mədəni əlaqələr adı altında həmişə kəşfiyyat fəaliyyətlərilə məşğul olub".
Həmsöhbətimiz deyir ki, Qırğızıstanda bu evin hətta silahlı muzdluları silahlandırmaq fəaliyyətinə cəlb olması isə rus kəşfiyyatının daha da azğınlaşdığının göstəricisidir:
"Bu müzdluların dövlətə qarşı istifadə edilməsi planları isbat olunarsa, Rusiyanın əsl mahiyyətinə uyğun gələcək".
Politoloq düşünür ki, Rusiyanın bu muzdluları böyük ehtimalla Ukrayna müharibəsində istifadə etmək üçün iş birliyinə cəlb etmək planları olub:
"Amma ölkə daxilində ehtiyac duyacağı məqamın olması da istisna deyil. Qırğız təhlükəsizlik orqanlarının sayıqlığının Rusiyanın planlarını pozması yaxşı haldır. Hesab edirəm ki, bu kimi fəaliyyətlərin ifşa edilməsi Rusiyanın iç üzünün açılmasında əhəmiyyətli rol oynayacaq. Ətraf ölkələrə də sayıqlıqlarını artıracaqlar".
Qeyd edək ki, Qırğızıstanın Oş şəhərində fəaliyyət göstərən "Rus evi"nin əməkdaşı Natalya Sekerina muzdluların cəlb edilməsində şübhəli bilinərək saxlanılıb. Bu barədə TASS-a Qırğızıstan Ali Məhkəməsindən bildirilib.
"Bişkek şəhəri Pervomayski rayon məhkəməsinin qərarı ilə Qırğızıstan Respublikası Dövlət Milli Təhlükəsizlik Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı vəsatəti təmin edilib", deyə məhkəmənin mətbuat xidmətinin nümayəndəsi bildirib.
Bildirilir ki, vətəndaşlığı hazırda dəqiqləşdirilən şübhəli şəxs, Qırğızıstan Cinayət Məcəlləsinin digər dövlətlərin silahlı münaqişələrində və ya dövlət hakimiyyətinin devrilməsinə və ya ərazi bütövlüyünün pozulmasına yönəlmiş zorakı hərəkətlərdə istifadə etmək məqsədilə muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, təlimi, həmçinin hərbi münaqişələrdə və ya hərəkətlərdə muzdluların istifadəsi ilə bağlı maddəsi üzrə istintaq çərçivəsində saxlanılıb.
Sekerina ilə birlikdə Oş şəhər meriyasının mətbuat xidmətinin əməkdaşı da daxil olmaqla daha dörd nəfər saxlanılıb.
Xatırladaq ki, bir neçə ay əvvəl Rusiyanın Azərbaycandakı mədəniyyət evi də bağlanmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı "Rus evi"nin fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya nota vermişdi. Nazirlik bəyan etmişdi ki, buna səbəb "Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının olmaması və Azərbaycan qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır.
Rüfət Sultan
Şərhlər