Xəbər lenti

Tramp Putini sülhə razı sala bilməsə, Aİ Ukraynaya hərbi yardımı ikiqat artıracaq
Dünya 11:11 05.05.2025

Tramp Putini sülhə razı sala bilməsə, Aİ Ukraynaya hərbi yardımı ikiqat artıracaq

Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus bəyan edib ki, Aİ Ukraynaya hərbi dəstəyi ciddi şəkildə gücləndirə bilər – bunun üçün silahları birbaşa Ukrayna istehsalçılarından almaq kifayətdir.

Qaynarinfo xəbər verir ki, bu barədə Kubilyus X sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Kubilyusun sözlərinə görə, hazırda ABŞ və Aİ hər il Ukraynaya hərbi yardım üçün təxminən 40 milyard avro ayırır. Lakin bu vəsait daha səmərəli şəkildə istifadə oluna bilər – o halda ki, bu pullar birbaşa Ukrayna istehsalçılarından silah alınmasına yönəldilsin.

"Əgər Tramp Putini sülhə razı sala bilməsə, biz Ukraynaya hərbi dəstəyi ciddi şəkildə artıraraq sülhə nail olmaq üçün daha inandırıcı arqumentlər irəli sürə bilərik”, – deyə Kubilyus bildirib.

Avropalı rəsminin izahına görə, Ukraynada istehsal olunan silahların dəyəri Aİ və ya ABŞ-da istehsal edilən bənzər silahlara nisbətən təxminən iki dəfə ucuzdur. Bu da o deməkdir ki, əlavə xərclər olmadan Ukraynaya göndərilən silahların həcmini ikiqat artırmaq mümkündür.

"O zaman bizim real dəstəyimizin dəyəri 80 milyard avroya qədər yüksələ bilər”, – deyə o yekunlaşdırıb.

Kubilyus xüsusilə Aİ-nin yeni aləti – "təhlükəsizlik kreditləri” üzərində dayanıb. Onun sözlərinə görə, bu kreditlər Aİ ölkələrinə Ukrayna üçün hərbi alışları maliyyələşdirməyə imkan verir. Bu isə "güc yolu ilə sülh” strategiyasının həyata keçirilməsinə yol açır.

"Təhlükəsizlik kreditləri Ukrayna üçün gücdür!” – deyə Aİ rəsmisi vurğulayıb.

Qeyd edək ki, ukraynalı rəsmilər dəfələrlə Avropa ölkələrini Ukraynaya yardımı birbaşa bu ölkədə silah alınması ilə həyata keçirməyi nəzərdə tutan "Danimarka modeli”nə qoşulmağa çağırıblar. Bu təşəbbüsə Niderland, Norveç və Çexiya artıq dəstək verib. Avropa İttifaqı bu modeli Ukraynaya uzunmüddətli hərbi yardım strategiyası üçün əsas kimi nəzərdən keçirir.
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->