Xəbər lenti

Trampın ikinci dönəminin ilk 100 günü: Vədlər, gerçəklər və qlobal təsir
Dünya 16:26 30.04.2025

Trampın ikinci dönəminin ilk 100 günü: Vədlər, gerçəklər və qlobal təsir

ABŞ Prezidenti Donald Trampın ikinci dönəminin ilk 100 günü tamam oldu. Düzdür, ilk 100 gündə verilən vədlərin əksəriyyətini yerinə yetirmək qeyri-mümkündür. Amma bununla belə, Trampın ilk 100 gününə nəzər saldıqda, bəzi müsbət addımları ilə yanaşı, əksər vədlərini hələ də yerinə yetirmədiyini görə bilərik.  

ABŞ Prezidenti Ukrayna-Rusiya münaqiyəsini 24 saat ərzində dayandıracağını, sonradan isə problemi 100 günə qədər həll edəcəyini bildirsə də, bu məsələ getdikcə daha da qəlizləşir. Belə ki, Trampın 30 günlük atəşkəs təklifinə Kiyev razılığını versə də, Kreml əksinə, son zamanlar Ukraynaya qarşı hücumları daha da kəsinləşdirib. Hətta bu hücumlar daha çox sayda mülki insanın ölümü ilə nəticələnir. Belədə, müharibənin bitəcəyinə olan ümidlər demək olar ki, puça çıxmaqdadır. Görünür, onun nəticəsidir ki, Tramp adminstrasiyası vasitəçilikdən imtina edəcəyinə işarə vurmağı da unutmayıb. 

Tramp bu müddətdə Rusiya ilə yaxınlaşmağa, ona qarşı tətbiq edilən sanksiyaların ləğvinə çalışsa da, düzdür, bu istiqamətdə elə də ciddi addımlar atmayıb, amma hər halda buna da nail ola bilməyib. Aydın görünür ki, atəşkəsin əldə olunmamasında məhz Trampın Moskvaya münasibətdə yumşaq siyasəti öz sözünü deyib. Onun məhz Rusiyanın marağına uyğun addımlar atmağa çalışmasının nəticəsidir ki, atəşkəs məsələsində zərrə qədər də irəliləyiş yoxdur.   

Trampın Ukrayna və rüsumlarla bğlı siyasəti ənənəvi müttəfiqlərilə münasibətlərinin korlanmasına rəvac verdi. Belə ki, Avropa İttifaqı ölkələri Trampın bu istiqamətdə atdığı və atmağa çalışdığı addımlar fonunda Vaşinqtondan uzaqlaşıb, onun əsas rəqibi Çinlə yaxınlaşmaq kursunu götürdülər. 

Müharibə məsələsinə gəldikdə, Tramp adminstrasiyasının Ukraynadan daha çox İranla bağlı məsələdə müəyyən irəliləyişlər əldə etdiyi hiss olunur. Belə ki, Av Ev rəsmiləri artıq uran məsələsilə bağlı Tehranla 3 dəfə danışıqlar aparıb və bu müddət ərzində İrana İsraillə ABŞ-ın hücum təhlükəsi arxa plana keçib. Aparılan danışıqlar isə tərəflər arasında müəyyən müsbət nəticələrin əldə ediləcəyinə olan ümidləri artırıb. 
Trampın Kanadanı, Qrenlandiyanı ABŞ-a birləşdirmək, Panama kanalına nəzarət etməklə bağlı bu ölkələrə təzyiqlərinə gəldikdə, hələlik Ağ Ev adminstrasiyası yalnız Panama dövlətini geri çəkilməyə məcbur edə bilib. Panama hökuməti kanalla bağlı Vaşinqtonun tələblərinə ümumən müsbət cavab verib ki, bu da Amerika gəmilərinin kanaldan vəsait ödəmədən sərbəst keçmələrinə imkan yaradır. 

Kanadaya gəldikdə, Trampın bu ölkəni ABŞ-ın 51-ci ştatı adlandırması əslində onun öz ziyanına işləyib. Belə ki, bu açıqlamaya qədər Kanadada Trampa yaxın olan mühafizəkar dairələrin seçkilərdə qalib gəlmək şansı yüksək olsa da, ondan sonra əhali arasında yenidən liberallara etimad artıb. Nəticədə bu günlərdə keçirilən seçkilərdə liberallar növbəti dəfə qələbə qazanıblar. Belədə isə Trampın Kanadanı öz ərazisinə çevirmək cəhdləri tam olaraq puça çıxır. 

Qrenlandiyaya gəldikdə, 100 gün ərzində bu məsələdə də Tramp istəyinə nail ola bilməyib. Ada əhalisi və hökuməti bunun baş verməsinə imkan verməyib. 

Trampın ötən müddətdə atdığı addımlar arasında dünya ölkələrinin mütləq əksəriyyətinə qarşı tətbiq etdiyi gömrük rüsumları da mühüm yer tutur. Bildiyimiz kimi, Ağ Ev 168 ölkəyə, əsasən də Çin və Avropa İttifaqına qarşı rüsum tətbiq etdi. Burada məqsəd Amerikanın daxili istehsalını qorumaqdır. Düzdür, sonradan Çin və Aİ-ni çıxmaq şərtilə digər ölkələrə münasibətdə 90 günlük moratorium qoydu. Gömrük tariflərinin qaldırılması çərçivəsində yerli Amerika şirkətləri ilk dövrdə Çin, Meksika və Avropa mallarına əlavə vergilər ödəməyə başladı, bu isə inflyasiyanı artırdı. Trampın bu addımı digər tərəfdən, qlobal ticarət zəncirini pozdu, qiymətlərin qalxmasına, xüsusilə qida və texnika sektorunda inflyasiyaya səbəb oldu. ABŞ-da istehlak bazarında əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü. 

Amma bu siyasətin tam iflasa uğradığını da bəri başdan söyləmək olmaz. Belə ki, Trampın rüsum siyasətinin artıq nəticə verdiyi hiss olunur. Dünya ölkələrinin bəziləri ABŞ-la danışıqlara getməyə hazır olduqlarını bildiriblər. Hətta bəzilərilə danışıqlara da başlanılıb. Bunun nəticəsində gözlənilir ki, ABŞ həmin ölkələrlə ticarət balansında özü üçün əlverişli vəziyyətə nail ola biləcək. 

Burada əsas məsələ Çinlə bağlı olan məsələdir. Tərəflər öncə bir-birinə qarşı rüsum tariflərini qaldırmaq yolunu tutdular. Lakin sonradan Pekinin də bir qədər yumşaldığı hiss olunur. Çin lideri Sİ Szinpinin Trampa zəngi onun da razılığa gəlməyə həvəsli olduğunu göstərir. Düzdür, hələlik bu ölkələr arasında məsələ ətrafında danışıqlar başlamayıb. 

Yəni belə demək mümkünsə, Tramp rüsum məsələsini ortaya atmaqla əslində Amerikanı iqtisadi baxımdan daha güclü etmək yolunda verdiyi vədlərə doğru ümumən inamla irəliləyir.
 
Bir sözlə, Tramp 100 günlük dövrdə özünü siyasətçidən daha çox, şoumen kimi göstərib. O ötən müddət ərzində siyasətlə məşğul olmaqdan daha çox imicinin qorunması ilə məşğul olub. 

Lakin deyəsən bu da ona uğur gətirməyib. Belə ki, 100 günlük fəaliyyətinə görə Tramp son 24 ilin prezidentləri arasında ən aşağı reytinqə malikdir. Son rəy soğrularına görə, onu müdafiə edənlərin faiz dərəcəsi cəmi 41 faizdir. 

Halbuki 2001-ci ildə Corc Buşun ilk 100 günlük reytinqi 62 %, 2009-cu ildə Barak Obamanınkı 63 %, 2017-ci ildə birinci prezidentlik dövründə Trampın reytinqi 44 % və nəhayət Co Baydenin anoloji dövr üçün reytinqi 53 % nisbətində olub. 

O, beynəlxalq məsələlərə münasibətdə də şəxsi simpatiya və antipatiyalara dayanaraq fəaliyyət göstərib. Bu isə qlobal siyasət üçün böyük xətadır. 

Bu müddətdə ölkə daxilində Trampla Federal və yerli məhkəmələr arasında çəkişmələr də artıb. Tramp hakimiyyətə gələndən bəri onun verdiyi bir sıra qərarlar mərkəzi və yerli məhkəmələr tərəfindən qanunsuz elan edilərək rədd edilib. Hələ fevral ayında Kolumbiya dairəsi federal məhkəməsi Trampın administrasiyasını ABŞ-nin digər ölkələrə əvvəllər dayandırılmış yardımını müvəqqəti olaraq bərpa etməyə məcbur edib.

Başqa bir tərəfdən, aprelin 22-də ABŞ Federal Məhkəməsi Tramp administrasiyasının "Amerikanın Səsi" (VOA), "Azad Asiya Radiosu" və "Yaxın Şərq Yayım Şəbəkələri" kimi hökumət tərəfindən maliyyələşdirilən media qurumlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı da qərar çıxarıb. Qərara əsasən, işçilər öz vəzifələrinə bərpa edilməli və qurumun yayımının davam etməsi üçün bütün zəruri tədbirlər görülməlidir.

Bundan başqa məhkəmə tərəfindən Trampın Salvadordan gələn bir miqrantın deportasiya edilməsi qərarı da ləğv edilib. Yəni Tramp mühacirətə qarşı daha sərt tədbirlər görməkdə israrlı görünsə də, bu istiqamətdə atdığı addımlar heç də həmişə uğurlu olmayıb. 

Onun məhkəmə sisteminə dair islahatlarına da Konqresdə təpki göstərilib. Eyni zamanda, Trampa qarşı impiçment məsələsi də gündəmə gətirilir. Bu məsələ artıq Nümayəndələr Palatasına təqdim edilib. Bu barədə Miçiqan ştatından olan konqresmen Şri Tanedar bildirib.

Tramp, bir sözlə, tərəfdarları qarşısında daha da yüksəlsə də, opponenentləri üçün "xətalı lider" obrazını daha da möhkəmləndirib. 

Ötən 100 günlük müddətdə Tramp həqiqətən də verilən vergi endirimləri planlarını irəli aparmaq, federal qaydaları azaltmaq, enerji sektorunda məhdudiyyətləri qaldırmaq kimi addımlar atdı. Amma məsələn, səhiyyə sisteminin ("Obamacare”) ləğv olunması kimi əsas vədlər hələ ki, gerçəkləşməyib.

Yekun olaraq, bu 100 gün göstərdi ki, Tramp öz bazasını möhkəmləndirsə də, ABŞ-ı beynəlxalq mühitdə nüfuzdan salaraq, daha çox tənha buraxdı.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->