"Trampın Səudiyyə Ərəbistanına olan səfəri İranın bölgədəki bütün planlarını alt-üst etdi, onun dövrü artıq bitir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu ABŞ prezidenti Donald Trampın Səudiyyə səfərini şərh edərkən deyib.
"Trampın Yaxın Şərqə səfəri önəmli bir səfərdir. Səfərə ilk öncə Səudiyyə Ərəbistanından başlaması da öz-özlüyündə ciddi məqamlardan xəbər verir. Ərəb dünyasında ciddi oyunçu dəyişikliyi var. Əvvəllər ABŞ-ın bu regionda ən yaxın müttəfiqindən biri Misir idisə, indi o artıq arxa plana çəkilməkdədir. Belədə, əsas müttəfiq olaraq Səudiyyə Ərəbistanı baş rolda çıxış edir. Bu da ilk növbədə Səudiyyə kralı Mühəmməd Bin-Salmanın ciddi siyasi islahatının nəticəsidir", deyə Rufiz Hafizoğlu bildirib.
Ekspertə görə, Trampın səfərinə yalnız iqtisadi, siyasi və ya hərbi səfər kimi yanaşmaq doğru olmaz:
"Çünki səfər bir çox məsələləri əhatə edir. Ən başlıcası silah, təhlükəsizilik, enerji və Suriyaya sanksiyaların ləğvi məsələlərilə bağlıdır ki, bu da ciddi dəyişikliklərin baş verdiyindən xəbər verir".
Rufiz Hafizoğlu qeyd edir ki, artıq İranın bölgədən tam olaraq sıxışdırılıb çıxarılması gündəmdədir. Trampın səfəri molla rejiminin ciddi şəkildə sarsıldığını göstərən bir məqamdır:
"Bunu Suriyada cihadçılar, Türkiyə və Qətərin loqistik, Əl-Riyadın maliyyə dəstəyilə bacardılar. Sanksiyaların qaldırılması isə Dəməşqin beynəlxalq legitimliyini artıran məsələdir. Əhməd əs-Şaraa ilə Tramp arasında görüşün olması ehtimalı da var. Bu görüş baş tutsa, Yaxın Şərqdə daşlar yerindən oynayacaq. Suriya üzərindən sanksiyaların götürülməsi ilə ABŞ Suriya əməkdaşlığı da yeni bir səhifə açacaq və Amerika burada iqtisadi baxımdan güclənəcək. Bu da İrana qarşıdır və "Hizbullah"ın məhvinə gətirib çıxaracaq. Lakin ABŞ-ın Suriyada güclənməsi gələcək illərdə Vaşinqtonla Ankara arasında da gərginlik yarada bilər. Trampın səfəri ərəfəsi HƏMAS yəhudi əsilli amerikan vətəndaşını azad etdi. Bundan sonra Tramp İsrailə yönəlik açıqlama verərək, hərbi əməliyyatların mənasının olmadığını dedi. Ardınca Netanyahu da açıqlama verdi ki, ABŞ-dan silahlı dəstəyi dondura bilərlər".
Bu isə ekspertin fikrincə, ərəb xarici siyasətinin qələbəsidir:
"Trampla Netanyahu arasında azacıq da olsa çat yaranıbsa, bu heç şübhəsiz bin-Salmanın siyasəti nəticəsindədir. Bu adam daşları yerindən oynatmağı bacardı. Düzdür, bu havayı deyil. ABŞ-ın Yaxın Şərqdəki maraqlarını yalnız və yalnız İsrail üzərindən yürütməsi yanlışdır. İsrail lazımdır. Amma o böyük layihələrin gerçəkləşməsinə əngəl olarsa, bu ona baha başa gələ bilər".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə səfəri çərçivəsində dünən Səudiyyə Ərəbistanında olub. Hansı ki, bu səfərə bölgədə balans nisbətinin dəyişməsi baxımından da yanaşmaq olar. Belə görünür, Tramp adminstrasiyası sələflərindən fərqli olaraq regionda əsas diqqəti İsrailə deyil, ərəb dünyasına yönəldir. Onun səfər çərçivəsində Suriyaya qoyulan sanksiyaların ləğvi məsələsini gündəmə gətirməsi isə ABŞ bu ölkədə də möhkəmlənmək niyyətindən xəbər verir. Yəni bir növ Trampın bu səfərinə enerji və təhlükəsizlik sahələrində yeni oyun planının göstəricisi kimi də baxmaq olar.
Rüfət Sultan
Şərhlər