Xəbər lenti

78 ildir bitməyən böhran: Hindistanla Pakistan yenidən üz-üzə - Kəşmirin münaqişə tarixi...
Dünya 17:56 07.05.2025

78 ildir bitməyən böhran: Hindistanla Pakistan yenidən üz-üzə - Kəşmirin münaqişə tarixi...

Hindistan və Pakistan arasında artan gərginlik, regionda yeni bir müharibə ehtimalını gündəmə gətirib. Hindistan ordusunun Pakistan və bu ölkəyə bağlı olan Azad Kəşmir bölgəsindəki hədəflərə qarşı həyata keçirdiyi hərbi əməliyyat, Asiyada vəziyyəti daha da gərginləşdirib. Bu son hadisə on illərdir davam edən münaqişə zəncirinin növbəti halqası hesab olunur.

Qaynarinfo xəbər verir ki, 22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsinin Pahalgam şəhərində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər həlak olub, bir çoxu isə yaralanıb. Hadisədən sonra Hindistan konkret ad çəkmədən, məsuliyyətin Pakistanın üzərinə düşdüyünü iddia edib. Rəsmi İslamabad isə bu ittihamları qətiyyətlə rədd edib və beynəlxalq istintaq aparılacağı təqdirdə əməkdaşlığa hazır olduqlarını bildirib.

Tərəflərin qarşılıqlı addımları fonunda gərginlik daha da artıb. Hindistanın bu səhər Pakistan və onun nəzarətində olan Azad Kəşmir ərazisindəki hədəflərə raket hücumları həyata keçirməsi nəticəsində bir çox insan həlak olub. Beləliklə, nüvə silahına sahib iki dövlət yenidən müharibənin bir addımlığında qərarlaşıb.

Kəşmir münaqişəsinin tarixi

1947 - Böhran başlayır

Britaniya imperiyasının Hindistanı tərk etməsindən sonra Hindistan və Pakistan adlı iki dövlət yaranıb. Əhalisinin çoxu müsəlman olan Pakistan hindu əhalisi üstünlük təşkil edən Hindistandan ayrılıb. Ancaq Himalay dağlarındakı Kəşmir bölgəsinin hüquqi statusu müəyyən edilməyib. Həm Hindistan, həm də Pakistan Kəşmir üzərində iddia irəli sürdü və nəticədə ilk hərbi toqquşma başlayıb. Kəşmirin hind lideri Mihrace Hari Sinq Hindistanla birləşməyə razı olub, lakin bu qərar müsəlman əhalinin narazılığına səbəb oldu və bölgədə genişmiqyaslı etirazlar başlayıb.

1949 - Atəşkəs

BMT-nin vasitəçiliyi ilə 1 yanvar 1949-cu ildə Hindistan və Pakistan arasında atəşkəs əldə edilib. Kəşmir de-fakto iki hissəyə bölünüb: ərazilərin 2/3-si Hindistanın, qalanı isə Pakistanın nəzarətinə keçib. Bu bölgü müvəqqəti sayılırdı və gələcəkdə siyasi həll yolu tapılması planlaşdırılırdı.

1965 - Yeni müharibə

1965-ci ilin yayında Pakistan ordusu sərhədi keçərək gizli əməliyyat həyata keçirib. Çox keçmədən bu toqquşmalar müharibəyə çevrilib. Yalnız üç həftə davam etsə də, ağır itkilər verilib. 1966-cı ildə əldə edilən razılaşma barışıq gətirməyib.

1971-1972 - Kəskin dönüş nöqtəsi

Pakistanın şərqində baş qaldıran müstəqillik hərəkatını Hindistanın dəstəkləməsi nəticəsində yeni müharibə başlayıb və nəticədə Banqladeş adlı yeni dövlət yaranıb. 1972-ci ildə imzalanan Şimla sazişi ilə tərəflər Kəşmirdəki atəşkəs xəttini "nəzarət xətti" kimi tanıyıb.

1987 - Kütləvi üsyanlar

1987-ci il seçkilərindən sonra bölgədə siyasi qeyri-sabitlik və silahlı qrupların yaranması Hindistanın Pakistanı dəstəklədiyi ittihamlarına səbəb olub. Nəticədə bölgədə on minlərlə terror aktı və toqquşma baş verib.

1999 - Kargil müharibəsi və barış cəhdləri

Kargil bölgəsində sərhəd pozuntuları səbəbilə baş verən 7 həftəlik müharibə iki ölkəni nüvə münaqişəsinə sürükləyib. Eyni ildə Hindistan və Pakistan baş nazirləri arasında sülh görüşləri keçirilsə də, nəticəsiz qalıb.

2019 - Kəşmirin muxtariyyətinin ləğvi

Hindistan 2019-cu ilin avqustunda Konstitusiyanın 370-ci maddəsini ləğv edərək Kəşmirin muxtariyyətinə son qoyub. Bu qərardan sonra bölgə iki hissəyə bölünüb və Yeni Dehlinin birbaşa idarəsinə keçib. Minlərlə Kəşmirli həbs edilib, internet və rabitə əlaqələri kəsilib. Hökumət bölgədə stabilliyin bərpa olunduğunu iddia etsə də, vəziyyətin müvəqqəti olduğu son hadisələrlə bir daha sübut olunub.

2025 - Yenidən gərginlik

22 aprel 2025-ci il tarixində baş verən terror hücumu Hindistanın sərt cavabına səbəb olub. Modi hökuməti bu hücumun arxasında Pakistanın olduğunu qeyd edib. Pakistan isə bu iddiaları rədd edərək beynəlxalq araşdırmaya dəstək verməyə hazır olduğunu bildirib. Lakin bu, Hindistanın hərbi əməliyyatlarının qarşısını ala bilməyb.

Nəticə

Kəşmir münaqişəsi 78 ildir ki, regional sabitliyi təhdid edən və qlobal diqqəti üzərinə çəkən əsas geosiyasi böhranlardan biri olaraq qalır. Nüvə silahına sahib iki dövlətin bu bölgədə bir daha qarşı-qarşıya gəlməsi, beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->