ABŞ artıq özünü Vladimir Putinin sülhə can atmadığını görməməzliyə vura bilməz. Döyüşlərin dayandırılması ilə bağlı əlverişli təklifə baxmayaraq, Kreml rəhbəri kompromisdən imtina edir. Əgər Vaşinqton həqiqətən sabit razılaşmaya nail olmaq istəyirsə, təzyiq siyasətini sərtləşdirməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.
ABŞ administrasiyasının Ukrayna müharibəsini diplomatik yolla bitirmək cəhdləri təqdirəlayiqdir. Lakin bu səylər çox vaxt əsasən Kremlə sərf edən güzəştlər kimi görünür. Davamlı sülhə nail olmaq üçün ABŞ daha tutarlı arqumentlər irəli sürməli və Putinə qarşı təzyiqi artırmalıdır ki, onu konstruktiv qərarlar qəbul etməyə məcbur etsin.
Bir çox mənbələrin məlumatına görə, ABŞ nümayəndələri atəşkəslə bağlı elə bir plan təklif edib ki, bu plan Rusiyanın hazırda işğal etdiyi ərazilərin böyük hissəsini öz nəzarətində saxlamasına imkan verir. Həmçinin bu plan ciddi sanksiyaların zəiflədilməsini nəzərdə tutur. Hətta 2014-cü ildə ilhaq olunmuş Krımın Rusiyaya məxsus kimi rəsmən tanınması ehtimalı da istisna edilmir.
Ukraynaya silahlı qüvvələrini qoruyub saxlamağa icazə veriləcək, lakin təhlükəsizlik zəmanətləri qeyri-müəyyən olacaq və ABŞ-ın birbaşa iştirakı olmadan, yalnız müttəfiq koalisiyası tərəfindən təmin ediləcək. ABŞ-ın hazırkı administrasiyası hakimiyyətdə olduğu müddətdə isə NATO üzvlüyü faktiki olaraq bağlanacaq. Digər detallara yalnız döyüşlərin dayandırılmasından sonra baxılacaq.
Bu qədər sərfəli təklifə baxmayaraq, Putin hələ də işğalı dayandırmağa hazır olduğunu göstərmir – o, hazırda qismən işğal olunmuş dörd Ukrayna vilayətinə tam nəzarət tələbində israrlıdır.
Buna cavab olaraq, Ukrayna rəsmiləri ABŞ-dan daha dəqiq hərbi dəstək zəmanətləri tələb edirlər – birbaşa hərbi iştirakı yox, lakin hava hücumundan müdafiə sistemləri, kibertəhlükəsizlik, kəşfiyyat məlumatları və müttəfiq sülhməramlı qüvvələrinin dəstəyi daxil olmaqla. Əks halda, mümkün atəşkəs Rusiya ordusunun bərpası üçün sadəcə fasilə olacaq. ABŞ-ın Ukraynanın faydalı qazıntılarına prioritet çıxış imkanı verən son razılaşması isə təhlükəsizlik zəmanətlərini əvəz edə bilməz.
"Bloomberg” yazır ki, Vaşinqton iki vacib məqamı nəzərə almalıdır:
Birincisi, ukraynalılar sadəcə kapitulyasiyanı qəbul etməyəcəklər, çünki bunun yenidən hücuma səbəb olacağını düşünürlər. Azad edilmiş ərazilərin sayının az olmasına baxmayaraq, Ukraynanın müdafiəsi hələ də möhkəmdir. Ukrayna hazırda Avropanın ən iri daimi ordusuna malikdir və silah istehsalını da artırmaqdadır. Ukrayna cəmiyyəti müharibədən yorulub, lakin təslim olmaq fikrində deyil.
İkincisi, Rusiyanın üstünlüyü qəti deyil. Son üç ildə rus ordusunun irəliləyişi zəif olub və Kreml üçün ciddi xərclərlə müşayiət olunub. Müharibə iqtisadiyyatı inflyasiya, işçi qüvvəsi çatışmazlığı, yüksək faiz dərəcələri və azalan valyuta ehtiyatları səbəbindən çətinliklər yaşayır. Neftin ucuzlaşması da büdcənin əsas gəlir mənbəyini zəiflədir.
"Müharibə nə qədər uzun çəkərsə, iqtisadi kollaps və sosial çaxnaşmaların riski bir o qədər artır. Putin razılaşma istəmək üçün kifayət qədər səbəblərə, ABŞ təzyiqindən qorxmaq üçün isə daha çox əsaslara malikdir”, – deyə agentlik yekunlaşdırır.
Amerikalı rəsmilər artıq dolayısı ilə bildiriblər ki, son təklifi veriblər və tərəflər razılığa gəlməzsə, bu təşəbbüslərdən geri çəkiləcəklər. Bu, "təcavüzü mükafatlandıran və gələcək müharibələrə yol açan” saxta razılaşmadan daha yaxşıdır.
Ancaq daha təsirli addım ABŞ-ın öz yerində sülhü təmin etmək səylərinə açıq şəkildə dəstək verməsi, Ukrayna ordusuna və müdafiə sənayesinə yardımını davam etdirməsi, Ukraynanın Avropa təhlükəsizlik sisteminə və nəhayət, Aİ-yə inteqrasiyasına kömək etməsi olardı.
Eyni zamanda ABŞ açıq şəkildə Kremlə bildirməlidir: əgər Moskva danışıqlardan imtina edərsə, sanksiyalar sərtləşdiriləcək, o cümlədən Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli məhdudiyyətlər tətbiq olunacaq və Ukraynaya hərbi və kəşfiyyat dəstəyi genişləndiriləcək.
Agentliyin yekun nəticəsi belədir:
"İstənilən mövcud razılaşma fonunda Putin Ukraynanı hələ də Rusiyanın bir hissəsi, ukraynalıların azadlığını isə təhdid kimi görür. Buna görə də istənilən sülh razılaşması gələcək təcavüzlərin qarşısını alan effektli bir mexanizmə əsaslanmalıdır. Bu təhlükəsizliyi isə məhz ABŞ təmin etməlidir”.
Alpər
Şərhlər