Amerika Birləşmiş Ştatları Ukraynaya istifadədən çıxmış F-16 qırıcı təyyarələri göndərib. Bu təyyarələr yalnız ehtiyat hissələri kimi istifadə edilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The War Zone”
nəşri, Arizona ştatında Ukrayna yük təyyarəsi An-124-ə qismən sökülmüş F-16-ların yüklənməsi ilə bağlı yayılan videokadr və məlumatlara istinadən yazır. Uçuş trekerlərinə əsasən, təyyarə Polşaya doğru istiqamətlənib.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, ABŞ, Avropa ölkələrinin Ukraynaya verdiyi F-16 təyyarələrinin dəstəyinə əlavə olaraq, Ukraynaya sıradan çıxmış və tamamilə işləməyən F-16-lar təqdim edib. Bu təyyarələrin istifadəyə qaytarılması mümkün deyil, çünki onlarda mühərrik və radar kimi həyati vacib komponentlər çatışmır.
Ukraynaya məxsus An-124 yük təyyarəsinə sarğıya alınmış, qanadsız, quyruqsuz və mühərriksiz azı üç F-16 təyyarəsinin yüklənməsi barədə sübutlar ötən həftə sosial şəbəkələrdə yayılıb. UR-82027 bort nömrəli təyyarə 25 aprel tarixində Arizona ştatının Tuson şəhərindəki beynəlxalq hava limanına enib və ertəsi gün Polşanın Rzeşuv-Yasenka hava limanına istiqamətlənərək havaya qalxıb. Bu hava limanı Qərb hərbi yardımının Ukraynaya çatdırılmasında əsas logistik mərkəzlərdən biri hesab olunur.
"The War Zone” qeyd edir ki, bu təyyarələrin Ukraynaya göndərildiyinə dair sübutlar olsa da, rəsmi təsdiq hələ də verilməyib. Həmçinin ehtimal var ki, bu təyyarələr Polşa üçün nəzərdə tutulub – ehtiyat hissələri üçün və ya yerüstü təlim məqsədilə. Qeyd edək ki, Polşa F-16 təyyarələrinin istismarçısıdır, lakin onun istifadəsində olan F-16C/D Block 52+ modelləri, Ukraynaya verilən daha köhnə A/B versiyalarından xeyli müasirdir.
Beynəlxalq tərəfdaşlar Ukraynaya Rusiyanın təcavüzünə qarşı müdafiə üçün bir neçə partiya F-16 qırıcıları təqdim ediblər. Təyyarələrin dəqiq sayı açıqlanmır.
Bundan əlavə, 2025-ci ilin fevralında Ukrayna Hərbi Hava Qüvvələri Fransadan ilk Mirage 2000 qırıcılarını alıb. Bu barədə Fransa müdafiə naziri Sebastyen Lekornu məlumat verib, lakin göndərilən təyyarələrin sayı açıqlanmayıb.
Alpər
Şərhlər