Xəbər lenti

Bayden sükutu pozdu: “Putinin dayanacağını düşünən hər kəs...”
Dünya 11:55 07.05.2025

Bayden sükutu pozdu: “Putinin dayanacağını düşünən hər kəs...”

ABŞ-ın keçmiş prezidenti Co Bayden özündən sonra gələn prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsinə yanaşmasını "müasir yumşaltma siyasəti” adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bayden BBC-yə müsahibəsində danışıb.

Bayden bildirib ki, Tramp prezidentlik dövründə müharibəyə fərqli yanaşma nümayiş etdirərək Ukraynaya "əgər müharibənin bitməsini istəyirsə, ərazisinin bir hissəsini Rusiyaya verməyi düşünməlidir” mesajını verib.

Baydenin sözlərinə görə, bu, müasir dövrün yumşaltma (apatizasiya) siyasətidir.

O vurğulayıb ki, Vladimir Putin Ukraynanı "Matuşka-Rossiya”nın bir hissəsi hesab edir:
"Putin düşünür ki, Ukrayna üzərində tarixi haqları var… O, Sovet İttifaqının dağılması ilə barışa bilmir. Və kim düşünürsə ki, o, burada dayanacaq – sadəcə axmaqdır”.

Baydenin fikrincə, Trampın bu yanaşması Avropadakı digər ölkələrə də "Rusiyaya güzəşt etməyin vaxtıdır” mesajı verə bilər.

Bununla belə, Baydenin özünün prezidentliyi dövründə də Ukrayna ilə bağlı qərarlarına tənqidlər səsləndirilib. Kiyevdə, bəzi müttəfiqlər və Britaniya rəsmiləri iddia edirlər ki, Bayden Ukraynaya Rusiyanın işğalına müqavimət göstərmək üçün kifayət qədər yardım edib, amma qələbə qazanmaq üçün yetərli dəstək verməyib. Bunun səbəbi kimi, Putinin küncə sıxışdırılarsa, nüvə silahına əl atacağı qorxusu göstərilir.

Bayden isə bu fikirlərlə razılaşmır:
"Biz onlara (Ukraynaya) müstəqilliklərini qorumaq üçün lazım olan hər şeyi verdik”, – deyə o bildirib.

"Əgər Putin daha da irəliləsəydi, daha sərt cavab verməyə də hazır idik”, – deyə o əlavə edib.

Bayden qeyd edir ki, məqsədi "nüvə dövlətləri arasında Üçüncü dünya müharibəsinin qarşısını almaq” olub. "Və biz bunu önləyə bildik”, – deyə o bildirib.

"Əgər vəziyyət Putin üçün doğrudan da çıxılmaz hala düşsə, o, taktiki nüvə silahı ilə hədələyə bilər. Bu, nə oyun, nə də ruletkadır”, – deyə Bayden xəbərdarlıq edib.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiya və Ukraynanın birgə nəzarət edəcəyi demilitarizasiya zonasının yaradılması ideyasını irəli sürmüşdü.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->