Ukraynaya Qərbdən təzyiqlər: 9 May paradına hücum etməyin
Ukrayna üçün Moskvada 9 May paradının hava həyəcanı səbəbindən pozulması, Rusiyaya gələn liderlərin sığınacaqlarda bayram keçirməsi çox vacibdir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitro Jmaylo "Espresso" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynaya Qərb tərəfdaşları tərəfindən təzyiqlər edilir ki, Rusiya hərbi paradına hücum etməsin, çünki həmin tədbirdə bəzi ölkələrin liderləri, o cümlədən Çin lideri Si Szinpin iştirak edəcək. Jmaylo qeyd edib ki, hazırda Rusiya bütün hava hücumundan müdafiə sistemlərini Moskvaya cəmləyir, Kazan və Çeçenistandan belə sistemlərin köçürülməsi qeydə alınıb.
Ekspert vurğulayıb ki, Ukrayna Putin tərəfindən təklif edilən üçgünlük "parad atəşkəsi”nə razı olmamalıdır. O, həmçinin xatırladıb ki, ABŞ-dan 30 günlük dəniz, quru və hava məkanında atəşkəs təklifi olmuşdu, lakin bu təşəbbüs Rusiya tərəfindən qəti şəkildə rədd edilib.
Jmaylo bildirib ki, 9 May ruslar üçün "əsas bayram", "ayrı bir din" sayılır və artıq bunun tarixi reallıqla heç bir əlaqəsi qalmayıb.
"Əgər bu saxta bayramlar, xüsusilə beynəlxalq liderlərin iştirakı ilə sığınacaqlarda, hava hücumu sirenlərinin sədaları altında baş tutarsa, bu, Rusiya üçün milli rüsvayçılığa çevriləcək. Ukrayna – əvvəllər ciddi rəqib saymadıqları bir ölkə – onlara belə təzyiq göstərir. Məhz bu səbəbdən Rusiya yenidən bizi qorxutmağa çalışır”, – deyə ekspert bildirib.
Eyni zamanda o əlavə edib ki, Ukraynada bəzi insanlar parad zamanı Rusiyaya toxunmamağın vacibliyini deyirlər və belə hücumların nüvə müharibəsinə səbəb ola biləcəyindən narahatdırlar.
"Bunlar hamısı yalandır. Əslində Rusiya bizdən daha çox qorxur. Biz isə öz sürprizlərimizi hazırlayırıq. Rusiyanın bu səbəbdən əsəbləşməsi və Ukraynaya son hücumları bunu sübut edir”, – deyə Jmaylo vurğulayıb.
Onun fikrincə, Moskvaya endirilən zərbələrin siyasi məqsədi var – Kreml rejiminin zəifliyini göstərmək.
"Bizim üçün əsas məsələ Ukrayna PUA-larının Moskvaya çatması və nəticədə neytral mövqe nümayiş etdirməyə çalışan, lakin faktiki olaraq təcavüzkarın tərəfində yer alan liderlərin yaralanması və ya ölməsi deyil. Əsas odur ki, hava həyəcanı olsun, tədbirlər pozulsun – bu, bizim üçün uğurdur”, – deyə ekspert qeyd edib.
Jmaylo əlavə edib ki, Ukrayna Rusiya ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirməyə davam edəcək.
UNIAN agentliyinin məlumatına görə, Rusiya 9 May paradında iştirak etmək üçün təxminən 30 ölkənin liderlərinin Moskvaya gələcəyini bəyan edib. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, tanınmamış Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkino-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya və tanınmamış Cənubi Osetiyadan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Rusiya, əgər beynəlxalq ictimaiyyət ona təzyiqləri artırmasa Ukraynaya qarşı müharibəni dayandırmaq üçün real addımlar atmayacaq.
O, Putinin paradda tanklarını nümayiş etdirmək istədiyini, əslində isə müharibəni necə bitirmək barədə düşünməsinin vaxtının çatdığını vurğulayıb. Zelenskinin fikrincə, Rusiyaya qarşı daha sərt sanksiyalar, Ukraynaya davamlı dəstək və Avropada təhlükəsizlik sahəsində əməkdaşlığın ciddi şəkildə gücləndirilməsi vacibdir.
Onun sözlərinə görə, Rusiya anlamalıdır ki, Avropa özünü qoruya biləcək gücdədir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər