İş yerində qışqırmaq bir çox rəhbərlər üçün adi haldır. Onlar bununla tapşırıqların yerinə yetirilməsinə nail olduqlarını düşünürlər. Lakin aparılan yeni araşdırma göstərir ki, bu davranış uzunmüddətli perspektivdə layihələrə zərər verir.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın Corciya Universitetindən olan professor Szü-Xan Lin "Qordon Remzinin cəhənnəm mətbəxi" verilişinə baxdıqdan sonra rəhbərlərin niyə qışqırdığını araşdırmağa qərar verib.
Inc.com-un yazdığına görə, onun araşdırması göstərir ki, iş yerində aqressiya təsadüfi deyil və əvvəlki kimi yorğunluq və ya iş tükənməsi ilə bağlı da deyil.
Uzun illər ərzində qışqıran və emosiyalarını cilovlaya bilməyən rəhbərlər, adətən, stressli şərait, yuxusuzluq və iş yükü ilə əlaqədar olaraq bəraət qazandırılırdı. Hətta çox vaxt onların öz davranışlarından peşman olduqları düşünülürdü.
Lakin professor Linin rəhbərlərlə bağlı apardığı araşdırma fərqli mənzərə ortaya qoyub. O, bildirir ki, rəhbərlər qışqırmaqla "özünün kim olduğunu göstərməyə" və əməkdaşları qorxudaraq idarə etməyə çalışırlar. Üstəlik, qışqırdıqdan sonra peşman olmaq əvəzinə, məmnunluq hissi yaşayırlar. Onların çoxu həm də kollektiv üzərində sərt nəzarəti üstün tutur.
Professorun fikrincə, bu cür idarəetmə üsulu yalnız qısa müddətli effekt verir və nəticə etibarilə mənfi nəticələr doğurur.
İki mərhələli tədqiqat
Linin araşdırması iki mərhələdən ibarət olub:
Birinci mərhələ: Təxminən 100 rəhbərlə fərqli sahələrdə - bankçılıq, sığorta, səhiyyə və s. - söhbət aparılıb. Onlara işçilərə qarşı təhqiramiz davranışa yol verib-vermədikləri və səbəbləri soruşulub. Bir çoxları bu davranışı etiraf edərək, məqsədli şəkildə qışqırdıqlarını bildirib.
İkinci mərhələ: 249 menecer iki həftə ərzində gündəlik sorğuya cəlb olunub. Onlardan hər gün soruşulub ki, əməkdaşlarına qışqırıblarmı və əgər bəli, səbəb nə olub. Çoxu qışqırmağı və qorxutmağı idarəetmə vasitəsi kimi şüurlu şəkildə istifadə etdiklərini etiraf edib. Yalnız az sayda rəhbər sonradan buna görə təəssüfləndiyini bildirib.
Szü-Xan Lin bu nəticələri dərc edərək, işəgötürənlərin öz davranışlarını yenidən nəzərdən keçirməsini və kollektivi idarə etmək üçün daha sağlam və düşmənçilikdən uzaq yollar tapmalarını ümid etdiyini bildirib.
Aydın
Şərhlər