Xəbər lenti

Çin ABŞ-ın 100 faizlik gömrük rüsumu hədəsinə niyə məhəl qoymur? (ŞƏRH)
Dünya 16:00 04.08.2025

Çin ABŞ-ın 100 faizlik gömrük rüsumu hədəsinə niyə məhəl qoymur? (ŞƏRH)

"Vaşinqton tərəfindən Rusiya neftinə görə Pekinə tariflər tətbiq olunsa, bu Amerika bazarlarında Çin mallarının iki dəfəyə qədər bahalaşmasına gətirib çıxaracaq. Bu isə Trampın seçicisinin xoşuna gəlməyəcək. Pekin də bunu gözəl bilir. Bildiyinə görə də, məsələdə daha sərt davranır".

Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının rəhbəri Natiq Cəfərli ABŞ-ın Rusiyadan neft almaqda davam edəcəyi təqdirdə, 100 faizlik tarif tətbiq edəcəyilə bağlı hədəsinə, Çinin məhəl qoymamasını şərh edərkən deyib.

Natiq Cəfərli bildirib ki, Çinlə ABŞ arasında ticarət dövriyyəsi təqribən 650 milyard dollara yaxındır:

"Onun da 400 milyard dollardan çoxunu Çinin Amerikaya ixracı təşkil edir. Bu müstəvidə Vaşinqton tərəfindən Rusiya neftinə görə tariflər tətbiq olunsa, bu, Amerika bazarlarında Çin mallarının iki dəfəyə qədər bahalaşmasına gətirib çıxara bilər. Pekin bunu gözəl bilir. Bildiyinə görə də məsələdə daha sərt davranır. Bilir ki, ABŞ birdən-birə 100 faizlik rüsum tətbiq edə bilməz".
 


Həmsöhbətimizin fikrincə, ABŞ əvəzində Pekinə elə bir maraqlı təklif verməlidir ki, Çin Rusiyadan neft alışını kəskin azaltmaqda maraqlı olsun: 

"Tərəflər arasında onsuz da danışıqlar gedir. Bu danışıqlar nəticəsində müəyyən razılaşmalar ola bilər. Çin rus neftini ucuz olduğuna görə alır. Rusiya neftini Çin dünya bazarındakı qiymətlərlə müqayisədə 10 dollar ucuz alır. Amerika əvəzində Çinə nəsə başqa bir şey təklif etsə, bu halda Pekin Rusiyadan neft alışını kəskin azalda bilər. Necə ki, Hindistan da eyni qaydada Vaşinqtonla bu mövzuda danışıqlar aparır".

Qeyd edək ki, Tramp adminstrasiyası Çinin Rusiyadan neft alışını dayandırması üçün Pekindən Amerikaya gələn mallara münasibətdə 100 faizlik tariflər tətbiq edəcəyini bəyan edib. Lakin görünən odur ki, Pekin Ağ Evin bu təhdidi qarşısında hələlik duruş gətirir. 

Belə ki, Trampın təhdidinə cavab olaraq ABŞ-la ikigünlük ticarət danışıqlarından sonra Çinin Xarici İşlər Nazirliyi ölkəsinin bütün hallarda öz enerji təhlükəsizliyini milli maraqlardan çıxış edərək həll edəcəyini bəyan edib. Burada qeyd edilir ki, qarşı tərəfin təzyiq və məcbutetmə taktikası heç nəyə gətirib çıxarmayacaq. Bəyanatda bildirilir ki, Çin qəti şəkildə öz suverenliyini, təhlükəsizlik və inkişaf maraqlarını müdafiə etməkdə davam edəcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->