"Putinin İstanbula getməməsinin Trampın Rusiyaya yönəlik münasibətinə hər hansı bir təsiri olmayacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Rusiya prezidentinin danışıqlar üçün şəxsən İstanbula getməməsinin Trampın Rusiyaya münasibətinə təsirini şərh edərkən deyib:
"Putinin İstanbula getməyəcəyi gözlənilən idi. Çünki danışıqlar predmetində həlli mümkün olmayan məsələlər çoxdur. Rusiya tərəfi tətbiq edilən sanksiyaların götürülməsini istəyir. Moskva həmçinin, işğal etdiyi ərazilərdə qalmaqda israrlıdır. Rusiya bir qədər balanslı olmağa çalışır. Kreml İstanbulda olacaq tədbirə öz nümayəndələrini göndərib. Onlar da aydın məsələdir ki, Rusiya prezidentinin İstanbula gedib-getməməsindən asılı olmayaraq, Putinin verdiyi tapşırıqları icra edəcəklər. Putinin görüşə şəxsən özünün getməməsi həm də onunla bağlı ola bilər ki, danışıqlarda problem yaşansa, alınmasa, məsuliyyəti öz üzərlərindən ata bilsinlər. Kreml artıq uzun müddətdir ki, bu sayaq diplomatiyadan istifadə edir”.
Ekspert qeyd edir ki, Moskva Ukrayna ilə danışıqlarda tam olaraq həvəsli deyil:
"Rusiya bu prosesi ayrıca olaraq ABŞ-la həll etmək istəyir. Bütün hallarda Putinin İstanbula getməməsi ABŞ Prezidenti Trampın Rusiyaya olan münasibətini dəyişməyəcək. Tramp özü bu barədə jurnalistlərin sualına cavabında deyib ki, ABŞ prezidenti İstanbulda deyilsə, Putinin ora getməsinə ehtiyac yoxdur.
O, Putinin İstanbula getmədiyinə üzülmədiyini də vurğulayıb. Trampın bu açıqlaması da göstərir ki, Putinin İstanbula gəlməməsi onun Rusiyaya münasibətinə hər hansı bir təsir göstərməyəcək”.
Qeyd edək ki, bu gün İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar olacaq. Tərəflərin danışıqlarda iştirak edəcək nümayəndələri də bəllidir. Rusiya prezidenti Putin isə bəzi gözləntilərin əksinə olaraq, həmin görüşə getməyib. Halbuki, Ukrayna Prezidenti Volodimir Zelenski onunla şəxsən İstanbulda görüşmək istəyini bildirmişdi. Hətta ABŞ Prezidenti Tramp da Putin İstanbula gələrsə, özünün də ora gələcəyini söyləmişdi.
Xatırladaq ki, Tramp Qətərin paytaxtı Dohada, Yaxın Şərq səfərinin sonunda ölkəni tərk etməzdən əvvəl verdiyi açıqlamada "Mən dedim ki, əgər mən getməsəm, Putin də getməyəcək, haqlı da çıxdım. Əgər lazım olsa, mən cümə günü İstanbula gedə bilərəm".
Rüfət Sultan
Şərhlər