Ermənistanın Baş Prokurorluğu "Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanı 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin "Lələ-Təpə” istiqamətində irəliləyişini dayandırmaq üçün həyata keçirilən əməliyyatın uğursuzluğunda ittiham edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat
yayıb.
İstintaq məlumatlarına görə, hərbi hissə komandiri A.O. (Artur Ohanyan) 6–7 oktyabr 2020-ci il tarixlərində xidməti vəzifələrini lazımi şəkildə yerinə yetirməyərək səhlənkarlıq göstərib və bu, ağır nəticələrə səbəb olub.
Prokurorluğun açıqlamasına əsasən, 6 oktyabrda Ohanyan Qarabağ Müdafiə Ordusunun komandanlığından Horadiz–Lələ-Təpə istiqamətində əks-hücum əməliyyatı həyata keçirmək və düşmənin yarıb keçdiyi müdafiə xəttini bərpa etmək tapşırığını alıb.
Lakin tapşırığın qeyri-qənaətbəxş icrası, bölmələr arasında koordinasiyanın olmaması, hərəkət qaydalarının pozulması, qüvvələrin nizamsız bölüşdürülməsi və əməliyyatın sonrakı mərhələlərinin planlaşdırılmaması səbəbindən döyüş mövqelərinə nəzərdə tutulan şəxsi heyət və texnikanın xeyli az hissəsi çata bilib və nəticədə döyüş tapşırığı uğursuzluqla nəticələnib.
Eyni istintaq işi çərçivəsində məlum olub ki, həmin hərbi hissənin batalyon komandiri, polkovnik-leytenant G.A. guya silah və sursatın sayını müəyyənləşdirmək bəhanəsi ilə döyüş tapşırığında iştirakdan imtina edib. O, hücuma keçən batalyonu rəhbərliyin icazəsi olmadan geri çəkərək əvvəlki mövqelərə qaytarıb.
Digər batalyon komandiri G.M. isə hücum zamanı tankla tank əleyhinə xəndəyə düşüb. Hərçənd ki, hadisədən sağ çıxıb, lakin öz bölməsi ilə hücumu davam etdirməkdən imtina edib və olduğu yerdə qalıb.
Artur Ohanyan barəsində "hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində xidmətə səhlənkar yanaşma” maddəsi ilə cinayət təqibi başladılıb. G.A. və G.M. barəsində isə "hərbi vəziyyət şəraitində hərbi xidməti yerinə yetirməkdən imtina” maddəsi üzrə istintaq aparılır.
Qeyd edək ki, bu əməliyyatın (və digər bir epizodun) uğursuzluğu ilə əlaqədar Qarabağ Müdafiə Ordusunun keçmiş komandanı general Cəlal Arutyunyan da daha öncə 5,5 il azadlıqdan məhrum edilmişdi.
Alpər
Şərhlər