"Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı olaraq bu müavinətin məbləği 1380 manatdan 1600 manatadək yüksəlib”.
Qaynarinfo xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib.
Deputat bildirib ki, bu müavinətin qanunla təsdiq edilməsinə baxmayaraq, monitorinqlər həmin ödənişlərdən istifadə edənlərin sayının çox olmadığını göstərir:
"Halbuki, bu, cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır. Müavinət cəza çəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir. Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələr tərəfindən verilən arayış təqdim edilməklə ödəniş edilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni, həmin şəxslərə 1600 manat ödənilir”.
V. Bayramov müraciətin kifayət qədər sadə olduğunu da qeyd edib:
"Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkmədən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir”.
Parlamentari, həmçinin bildirib ki, bu hüququ olan, amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır:
"Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir”.
Şərhlər