Xəbər lenti

ABŞ ilin sonunda Avropadan qoşunlarının çıxarılması ilə bağlı danışıqlara başlayacaq
Dünya 12:49 17.05.2025

ABŞ ilin sonunda Avropadan qoşunlarının çıxarılması ilə bağlı danışıqlara başlayacaq

Vaşinqton cari ilin sonunda Avropadakı amerikalı hərbi kontingentin azaldılması ilə bağlı Avropa müttəfiqləri ilə məsləhətləşmələrə başlamağı planlaşdırır. 

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Estoniyada keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı bildirib. 

Qoşunların çıxarılması barədə məlumatı şərh etməsi xahiş olunduqda Uitaker bildirib ki, bu barədə hələ yekun qərar qəbul olunmayıb: 
"Heç nə müəyyən olunmayıb. Amma qərar verildikdən sonra biz NATO çərçivəsində danışıqlara başlayacağıq. Bu, yəqin ki, Haaqada iyun ayında planlaşdırılmış sammitdən sonra, ilin sonuna yaxın baş verəcək. <...> Bütün müttəfiqlərimiz müzakirəyə hazırdır”, deyə diplomat vurğulayıb.

Uitakerin sözlərinə görə, Vaşinqton qoşunların sayında ediləcək istənilən dəyişiklikləri alyans müttəfiqləri ilə sıx şəkildə koordinasiya etmək niyyətindədir ki, müdafiə sisteminin zəifləməsinin qarşısı alınsın. "ABŞ artıq 30 ildən çoxdur Avropada hərbi mövcudiyyətin azaldılmasına çalışır. 

Prezident Tramp bəyan etdi: "Bəsdir. Bu baş verəcək – və dərhal baş verəcək. Planlı şəkildə, amma ləngimədən”, deyə səfir əlavə edib. Bununla belə, o, ABŞ-ın NATO-dan çıxmasının gündəmdə olmadığını vurğulayıb: "Birləşmiş Ştatlar alyansda qalacaq. Biz güclü tərəfdaş və müttəfiq olaraq qalacağıq”.

Uitaker həmçinin Avropa İttifaqını Aİ-yə daxil olmayan ölkələrin müdafiə şirkətlərinə Avropa müdafiə tenderlərinə çıxışı məhdudlaşdırmaq cəhdlərindən çəkindirməyə çağırıb. Onun fikrincə, belə addımlar NATO çərçivəsində operativ qarşılıqlı əlaqəni zəiflədə, Avropa ordularının modernləşdirilməsini ləngidə, xərcləri artıra və müdafiə innovasiyalarına zərbə vura bilər.

Fevral ayında ABŞ müdafiə naziri Pit Hegset alyans tərəfdaşlarına açıq şəkildə bildirmişdi ki, hazırkı strateji vəziyyət Vaşinqtonun yalnız Avropa təhlükəsizliyinə fokuslanmasına imkan vermir. O qeyd etmişdi ki, ABŞ qoşunlarının Avropada mövcudluğu "əbədi olmayacaq”. The Atlantic mart ayında yazmışdı ki, Hegset və vitse-prezident Cey Di Vens qapalı müzakirələrdə Avropa ölkələrinin davranışından narazılıqlarını ifadə ediblər. Pentaqon rəhbəri isə Avropanın "öhdəlikdən yayınmasını” "iyrənc” adlandırmışdı.

ABŞ kontingentinin kütləvi şəkildə ixtisarı planları haqqında yanvar ayında İtaliyanın ANSA agentliyi də Avropa diplomatik dairələrindəki mənbələrə istinadla məlumat yaymışdı. Onların bildirdiyinə görə, Tramp administrasiyası təxminən 20 min amerikalı hərbçinin çıxarılmasını nəzərdən keçirir ki, bu da təxminən 20%-lik azalma deməkdir. Eyni zamanda, Tramp Avropada qalacaq bölmələr üçün müttəfiqlərdən maliyyə dəstəyini artırmalarını tələb etmək niyyətindədir.

Lakin ABŞ daxilində belə bir genişmiqyaslı ixtisar ideyası fikir ayrılığı yaradıb. Aprelin əvvəlində ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanı general Kristofer Kavoli Konqresdə çıxışı zamanı bildirib ki, hazırkı kontingentin sayının sabit saxlanmasını tövsiyə edir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatına görə, hazırda Avropada 70–90 min arası amerikalı hərbçi yerləşdirilib. Ən böyük kontingent - 38 mindən çox - Almaniyadadır. Polşada 14 mindən çox, İtaliyada 12 min, Böyük Britaniyada isə təxminən 10 min amerikalı hərbçi xidmət edir.

Almaniya İqtisadi Araşdırmalar İnstitutunun apreldə dərc etdiyi tədqiqata əsasən, ABŞ-ın müdafiə potensialını Avropada əsas sahələrdə əvəzləmək üçün 10–12 il vaxt lazım olacaq. Tədqiqat müəllifləri bildirirlər ki, mövcud müdafiə səviyyəsinin tam bərpası ABŞ-la sıx əməkdaşlıq olmadan mümkün deyil.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->