Xəbər lenti

Alimlər ən qədim yırtıcı dinozavrlardan birinin yeni növünü kəşf etdi
Dünya 23:21 16.05.2025

Alimlər ən qədim yırtıcı dinozavrlardan birinin yeni növünü kəşf etdi

Maleriraptor kuttyi adlı yeni bir dinozavr növü müəyyən edilib. Bu qədim yırtıcının boyu bir metrdən bir qədər artıq olub.

Qaynarinfo xəbər verir ki, 1980-ci illərdə Hindistan ərazisindəki qayalı süxurlarda erkən dinozavra aid daşlaşmış qalıqlar aşkarlanmışdı. İndi isə alimlər həmin qalıqlar haqqında əhəmiyyətli yeni məlumatlar əldə ediblər. 

"Interesting Engineering" nəşrinin məlumatına görə, araşdırma nəticəsində bu qalıqların Maleriraptor kuttyi adlı yeni bir dinozavr növünə məxsus olduğu müəyyən edilib.

Bu kiçik və çevik yırtıcı dinozavr təxminən 220 milyon il əvvəl, Trias dövrünün Nor mərhələsində Yer kürəsində yaşayıb. Onun daşlaşmış sümükləri Hindistanın müasir Telangana ştatında yerləşən Annaram kəndi yaxınlığındakı Pranxita-Qodavari hövzəsindəki Maleri formasiyasının yuxarı qatında tapılıb. Həmin ərazi uzun illərdir erkən dinozavr fosilləri ilə tanınır.

Alimlərin məlumatına görə, Maleriraptor kuttyi bir metrdən bir qədər hündür və təxminən iki metr uzunluğunda olub. Bu qədim növ yırtıcı dinozavrların ən erkən təmsilçilərindən biri sayılan Herrerasauria cinsinə aid edilib.

Tədqiqatçılar bildiriblər ki, bu növ, erkən Şimali Amerika növlərindən daha çox təkamül etmiş xüsusiyyətlərə malikdir və Cənubi Amerikanın sonrakı Herrerasauridae növlərindən də fərqlənir.

Alimlər qeyd edirlər ki, Maleriraptor kuttyi fosillərinin aşkarlanması bu növün qədim superkontinent Qondvanada baş vermiş ciddi ekoloji dəyişiklikləri yaşadığını sübut edən ilk göstəricidir. Məlumdur ki, Nor dövrünün əvvəlində bir çox dördayaqlı canlıların faunasına təsir edən mühüm dəyişikliklər baş verib və xüsusilə rinozavrlar adlanan ot yeyən sürünənlər tamamilə yox olmuşdu.

Araşdırma müəllifləri bildiriblər:

"Maleriraptor kuttyinin kəşfi göstərir ki, herrerazavrlar Qondvanada, ən azı Nor dövrünün başlanğıcına qədər, rinozavrların yox olması ilə nəticələnən hadisədən sonra da yaşamışlar".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->