Elm adamları müasir genetik və zülal analizləri vasitəsilə uzun illərdir kimə aid olduğu müəmmalı qalan "əjdaha adam”ın kəlləsinin mənşəyini müəyyən ediblər.
Qaynarinfo-nun "Interesting Engineering” portalına istinadən məlumatına görə, aparılan yeni tədqiqatlar sübut edib ki, bu kəllə denisovlu insana aiddir. Bu tapıntı alimlərə qədim insan növünün görünüşünü daha dəqiq şəkildə bərpa etməyə imkan verib.
Bu fosil ilk dəfə 1933-cü ildə Yaponiyanın bölgəni işğal etdiyi dövrdə Çinin şimal-şərqində yerləşən Xarbin şəhərində körpü inşaatı zamanı bir fəhlə tərəfindən aşkar edilib. Kəlləni quyunun dibində gizlədən fəhlə, ölümündən az əvvəl ailəsinə bu sirri açıb və ailə onu "Hebei GEO" Universitetinə təhvil verib. Kəllədə hələ də bir üst diş salamat vəziyyətdə qalıb.
Alimlər kəlləni ilk dəfə 2021-ci ildə elmi cəmiyyətə təqdim etmiş, onun yaşını ən azı 146 min il olaraq qiymətləndirmiş və "Homo longi" – tapıntının aşkarlandığı Qara Əjdaha çayı (Heylunszyan) əyalətinin adından ilhamlanaraq – adlandırmışdılar.
Kəllənin uzun və alçaq quruluşu, iri qaşüstü çıxıntıları və enli göz yuvaları onu hər hansı məlum qədim insan növü ilə əlaqələndirməyi çətinləşdirirdi. Bəzi mütəxəssislər bunun denisovlu insana aid olduğunu ehtimal etsə də, digərləri onun Asiyanın şərqində yaşamış az öyrənilmiş qədim homininlərdən biri olduğunu düşünürdü.
Son günlərdə Çin Elmlər Akademiyasının Pekindəki Paleontologiya və Paleoantropologiya İnstitutunun alimləri, kəllənin diş daşından genetik material çıxarmağa cəhd göstəriblər. Diş daşı minillərlə DNT-ni qoruma qabiliyyətinə malikdir. Hərçənd nüvə DNT-sini çıxarmaq mümkün olmasa da, tədqiqatçılar ana xətti ilə keçən mitoxondrial DNT aşkar ediblər. Bu DNT, Sibirdə tapılmış və 217–106 min il əvvələ aid denisovluların genetik materialı ilə üst-üstə düşüb.
Bundan əlavə, alimlər kəllənin daxili qulağında yerləşən və qədim zülalların qorunduğu sümüklər üzərində proteom analiz aparıblar. Əldə olunan zülal ardıcıllıqları müasir insan, neandertal, denisovlu və insanabənzər primatlarla müqayisə olunub və nəticələr bir daha bu kəllənin denisovlu insana məxsus olduğunu göstərib.
Tədqiqatçılar yazırlar: "Artıq bizim denisovlu populyasiyalar üçün tam morfoloji təsvirimiz var. Bu da son onillikdə cavabsız qalan – denisovlular necə görünürdü – sualına aydınlıq gətirir”.
Əgər bu "əjdaha adam” tipik bir denisovludursa, o zaman bu növ güclü, qalınbədənli, iri qaşüstü çıxıntılara malik və beyin ölçüsü müasir insan və neandertallar qədər olan, lakin dişləri daha böyük bir canlı olub.
Yeni məlumatlar həm də denisovluların yaşayış arealı və görünüşü haqqında təsəvvürləri dəyişir. Əvvəllər bu növ əsasən Sibirdəki Denisova mağarası ilə əlaqələndirilsə də, indi sübut olunub ki, onlar həm də Çinin şimalında yaşayıb və Tayvan ətrafı daxil olmaqla Asiyanın digər bölgələrinə qədər yayılmış ola bilərlər.
Aydın
Şərhlər