Tək qalmaq hər kəs üçün eyni dərəcədə asan deyil. Bəziləri üçün münasibətlər daxili harmoniya üçün vacib olsa da, digərləri təkliyin onlara daha çox uyğun gəldiyini hiss edir.
Qaynarinfo xəbər verir ki, psixoloq Mark Treversin "Forbes" üçün yazdığı məqaləyə və "Journal of Social and Personal Relationships" jurnalında dərc olunan yeni araşdırmaya əsasən, tək qalmaq həm üstünlüklər, həm də çətinliklər daşıyır - əsas məsələ sizin şəxsi baxışınız və sosial mühitinizdir.
Alimlər nikahsız, müxtəlif yaş və etnik qruplara mənsub 11 yetkin şəxslə müsahibə apararaq tək qalmağın faydalı olduğunu göstərən 3 əsas əlaməti müəyyən ediblər.
1. Münasibətlər üçün "doğru zaman" olmadığını anlayırsınız
Cəmiyyətin böyük hissəsi düşünür ki, tək qalmaq yalnız gənc yaşda, karyera və şəxsi inkişaf məqsədilə məqbuldur. Yaş artdıqca isə bu vəziyyət narahatlıq mənbəyinə çevrilir.
Araşdırma göstərib ki, insanlar müəyyən yaşdan sonra iki seçim qarşısında qalırlar: ya təkliyə tam adaptasiya olmaq, ya da münasibət qurmağa yönəlmək. Ancaq öz dəyərini bilən və münasibət qurmaq üçün konkret vaxt təzyiqi hiss etməyən şəxslər, təkliyə daha sağlam münasibət bəsləyirlər.
"Nəticələrimiz göstərdi ki, təkliyə üstünlük verən insanlar bunu həyat tərzi kimi qəbul edir və ona investisiya (məsələn, dostluqlara və hobbiyə sərf olunan zaman) qoyaraq, romantik münasibətləri həyat məqsədlərinə çatmaq üçün yeganə yol hesab etmirlər", deyə tədqiqatçılar bildiriblər.
2. Avtonomiya və yaxınlıq birlikdə mövcud ola bilər
Tək qalan bir çox insan bir tərəfdən müstəqilliyini qorumaq, digər tərəfdən isə yaxın emosional əlaqə qurmaq istəyir. Onlar düşünürlər ki, belə dərin bağları yalnız romantik partnyor vasitəsilə əldə etmək mümkündür.
Lakin araşdırmalar göstərir ki, münasibətlər yalnız hər iki tərəf müstəqil olduqda daha sağlam inkişaf edir. 2021-ci ildə Personality and Social Psychology Bulletin jurnalında dərc olunan bir araşdırma isə göstərib ki, dostluqlarından məmnun olan tək insanlar, ümumilikdə tək qalmaqdan da daha çox məmnunluq hiss edirlər.
3. Təkliyə dair sosial təzyiqləri və normativləri rədd edirsiniz
Cəmiyyətin "mütləq partnyor tapmaq" yönündə yaratdığı təzyiq bir çox insanı yükləyir. Tək qalmaqdan həzz almaq üçün bu normativlərin həm şüurlu, həm də şüuraltı şəkildə rədd edilməsi vacibdir.
Araşdırmada iştirak edənlərin bir qismi sosial mühitdən dolayı şəkildə tək olduqları üçün qınaq hiss etdiklərini bildirib. Bəziləri isə açıq şəkildə onların münasibət qurmamasına "keçici mərhələ” kimi baxıldığını, sanki bu vəziyyətin mütləq sonlanmalı olduğunu eşitdiklərini qeyd edib.
Amma romantik sevgini mərkəzə alan bir cəmiyyətdə tək qalmaq, bəziləri üçün azadlaşdırıcı və daxili məmnuniyyət verən bir təcrübə ola bilər - xüsusən də sosial gözləntilərin diktəsindən azad olanlar üçün.
"Tək qalmaqla sağlam münasibət, insanın özü ilə də sağlam münasibət qurduğunu göstərir. İstər münasibətdə olun, istərsə də olmayın – romantik əlaqələrin həyatın yeganə məqsədi olmadığını dərk etmək insanı həqiqətən azad edə bilər", deyə Trevers vurğulayır.
Bu fikirlər təkliyin neqativ bir vəziyyət deyil, şəxsiyyət inkişafı və emosional balans üçün əhəmiyyətli bir yol ola biləcəyini göstərir.
Aydın
Şərhlər