Xəbər lenti

İxtisası deyil, qrupu seçməyin fəsadı
Ölkə 21:27 17.05.2025

İxtisası deyil, qrupu seçməyin fəsadı

Ötən tədris ilində keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları bəzi ixtisaslar üzrə 150-200 bal təşkil edib. IV ixtisas qrupu üzrə 200 və daha az keçid balı olan ixtisasların siyahısında kimya və biologiya müəllimliyi ixtisasının da yer alması bir qədər suallar doğurur. Bakıdakı dövlət və özəl ali təhsil müəssisələrində, o cümlədən regionların ali məktəblərində və ali məktəblərin filiallarında qeyd edilən keçid balının nəticəsi ölkə üzrə bu ixtisasa son illər kəskin dəyişən münasibəti nümayiş etdirir.

Səbəb nədir? Kimya-biologiya müəllimliyinə maraq azalıb? Və ya müasir əmək bazarında bu ixtisasa yer qalmayıb? 

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı kimya və biologiya müəllimliyi ixtisası üzrə keçid balının azlığını bu ixtisaslara marağın azalması ilə deyil, qəbul planının çoxluğu ilə əlaqələndirir: "Maraq azalmayıb, qəbul çoxdur. Qəbul çox olanda adamlar müxtəlif ballarla qəbul olurlar. Bir var bir ixtisasa yüz, bir var min adam qəbul edəsən. Təbii ki, min adam qəbul edəndə o istiqamətdə hər cür ballar olur. Bu o demək deyil ki, kimya-biologiyaya güclü uşaqlar getmir, əksinə, kifayət qədər gedirlər, sadəcə qəbul planı çox olduğu üçün keçid balını belə qərarlaşdırırlar”.

Bakı şəhər 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tabeliyində olan Gənc Biologiya Müəllimləri Birliyinin sədri Lətifə Mustafayeva hesab edir ki, abituriyentlərin əksəriyyəti ixtisas deyil, qrup seçir: "Gələcəkdə kim, hansı peşə sahibi olmaq istəyirsiniz?” - deyə soruşduqda sadəcə, "qrup” deyirlər. Məsələn, mən I və ya II qrupa sənəd verirəm. Lakin IV qrupa sənəd verən abituriyentlər dəqiq bilirlər ki, həkim olmaq istəyirlər. Bu baxımdan, onlar kimya, biologiya müəllimliyi ixtisasını yazmırlar. Bu səbəbdən yüksək bal yığmış şagirdlər həkim olur, 400+ yığanlar isə yalnız həkimlik seçdikləri üçün həmin ixtisaslara düşmür. Nəticədə kimya, biologiya müəllimliyi ixtisasına seçim azalır”. L.Mustafayeva qeyd edir ki, kimya-biologiya texniki fənn olduğu üçün həm olduqca maraqlı, həm də çətindir: "Bu baxımdan, şagirdlər çətinlik səviyyəsi daha asan fənlər daxil olan qruplara meyl edirlər. Kimya fənni I qrupda da yer alıb. Bu qrupda isə informatika fənninin daxil edilməsi kimyanın seçiminin azalmasına səbəb ola bilər”. L.Mustafayevanın sözlərinə görə, müəllimlik peşəsinə maraq azalmayıb, sadəcə, IV qrupu seçən şagirdlərin əsas məqsədi həkim olmaqdır: "Onlar kəsilsələr belə yenə imtahan verib həkim olmaq istəyirlər. Hətta ikinci şans imtahanında da yenidən həkim olmaq üçün cəhd edirlər”.

"DİM tərəfindən keçirilən imtahanlarda I qrup üzrə fənlərə kimya ilə yanaşı, informatika fənni də daxil edilib. Bu isə şagirdlərin seçimindən asılıdır. Yəni şagird kimyanı seçərək kimya yönümlü, informatikanı seçərək informatika yönümlü ixtisaslara yönələ bilər”, - deyə Bakı şəhəri 215 nömrəli tam orta məktəbin kimya müəllimi, AGMA-nın tabeliyində olan Gənc Kimya Müəllimləri Birliyinin sədri Vəfa Kərimli bildirir: "Amma müşahidələrimiz göstərir ki, son illərdəki tələbatı nəzərə alaraq I ixtisas qrupunda kimyanı seçənlərin sayı son 3 ildə kifayət qədər azalıb və xüsusilə istedadlı şagirdlər informatikayönümlü ixtisasları seçirlər. Ona görə də balların kəskin aşağı düşməsi müşahidə olunur. Çünki rəqabət azalıb. Yüksək ballı şagirdlər informatika fənninə yönəlir, beləliklə, kimyada rəqabət yoxdur. IV qrup fənləri içərisində kimya və biologiya fənləri yer alıb. Şagirdlərin əsas arqumenti odur ki, bu qrup fənləri olduqca çətindir. "Biz eyni anda bir neçə dəqiq fənni mənimsəməli, biologiyanı öyrənməliyik”, - deyirlər. Bu baxımdan, IV qrup imtahanlarının çətinliyini əsas götürərək və Tibb Universitetinə keçid balının yüksəkliyini nəzərə alaraq bu ixtisasları seçən şagirdlərin də sayı nisbətən azdır”. 

Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbin biologiya müəllimi Umud Məmmədov kimya və biologiya müəllimliyi ixtisası üzrə keçid balının 200 olmasını fənlərə olan marağın azalması ilə deyil, əsasən IV qrupda olan fənlərin ağır olması ilə əlaqələndirir: "Bu qrupda üç buraxılış, üç blok fənni var. IV qrupu seçənlər daha çox Tibb Universitetində oxumaq istəyənlərdir. Kimya və biologiya fənni də yalnız bu qrupda olduğuna görə, keçid balını aşağı salırlar ki, ən azı zəif uşaqlar "biz hazırlaşıb ora qəbul ola bilərik”, - deyə seçsinlər. I-III qruplarda isə ixtisas seçimləri çoxdur. Şagirdlər daha çox digər qruplara meyl etdiyindən bu ixtisaslar üzrə balları aşağı salırlar. IV qrupda ixtisaslar çox olsaydı, abituriyentlərin sayı daha da çox olardı. Bu qrupda həm ixtisas azdır, həm altı fənn olduğuna, həm də çətinliyinə görə müəllim olmaq istəyənlər beş fənn olan qrupları seçirlər”.

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov deyir ki, bizdə keçid balları oynayır. Əsas diqqət  universitetlərin qəbul planının dolmasına yönəlir. Ekspert bildirir ki, IV qrup üzrə hazırlaşan abituriyentlərin 99 faizi Tibb Universitetinə daxil olmaq istədiyi üçün kimya-biologiya müəllimliyi ixtisası üzrə ballar aşağıdır: "Kimya-biologiya üzrə hazırlaşanlar sırf müəllim olmaq üçün bu ixtisası seçmirlər. Özünüz bilirsiniz ki, repetitor yanına getmək hansı qiymətə başa gəlir. Bu fənlər üzrə hazırlaşanlar, yəni xərc çəkənlər Tibb Universitetinə yönəlirlər. Ona görə də kimya-biologiya müəllimliyi ixtisası üzrə sənəd az verildiyindən keçid balları aşağı düşür”.

Mənbə: "Kaspi" qəzeti

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->