Rusiya prezidenti Vladimir Putin Türkiyədə keçiriləcək danışıqlarda iştirakdan imtina edərsə, bu, Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığını göstərəcək.
Qaynarinfo xəbər verir ki, bu fikri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak
bildirib.
Yermak bu sözləri 2025-ci il Kopenhagen Demokratiya Sammitində onlayn çıxışı zamanı deyib:
"Düşünürəm ki, əgər Vladimir Putin Türkiyəyə gəlməkdən imtina etsə, bu, Rusiyanın bu müharibəni dayandırmaq istəmədiyinə və ümumiyyətlə danışıqlara hazır olmadığına dair son siqnal olacaq”.
Yermak qeyd edib ki, bu ana qədər Rusiya tərəfi Türkiyədə danışıqlarda Putinin iştirakına dair heç bir cavab verməyib. Buna qarşılıq olaraq, Ukrayna tərəfi prezident Volodimir Zelenskinin danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
O, həmçinin xatırladıb ki, 12 may tarixində ABŞ prezidenti Donald Tramp çox açıq və sərt bəyanatla çıxış edərək, hər iki liderin Türkiyədə görüşməsini gözlədiyini bildirib.
Yermakın fikrincə, əgər Rusiya danışıqlardan imtina edərsə, bu addıma qarşı ABŞ və beynəlxalq ictimaiyyətin sərt reaksiyası olmalıdır. O, xüsusilə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini və Ukraynaya hərbi yardımın artırılmasını qeyd edib.
Yermak onu da vurğulayıb ki, Ukraynanın təhlükəsizliyi üçün təminatların hazırlanması üzərində iş davam edir:
"Lakin ən ciddi və ən güclü təminat, yaxşı təchiz olunmuş, hazırlıqlı və təlim keçmiş Ukrayna Silahlı Qüvvələridir. Biz bu istiqamətdə tərəfdaşlarımızla birlikdə işləyirik. Eyni zamanda, ABŞ ilə faydalı qazıntılar sahəsində əldə olunacaq razılaşmanın gələcək təhlükəsizlik sisteminin elementlərindən biri olacağına ümid edirik”.
Bundan bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident Zelenskiyə Rusiya ilə birbaşa danışıqları qəbul etməyə hazır olduğunu təsdiqləyib.
Media məlumatlarına görə, Avropa liderləri Zelenski ilə Putinin mümkün görüşünü gözləməyə hazırdırlar və yalnız bu görüş baş tutmadığı halda ABŞ-a yeni sanksiyalara başlamaq üçün təzyiq göstərəcəklər.
Alpər
Şərhlər