Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, onunla bağlı istintaq və məhkəmə dövründə həbs olmayan qətimkan tədbiri seçilmişdi.
İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Siğorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.
İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.
Şərhlər